• Xəbərlər
  • /
  • 915

Meymunçiçəyi virusu. Narahat olmalıyıqmı?

Meymunçiçəyi infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər.

İnkubasiya dövrü 5-21 gündür. İlkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir. Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır. Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər. Onlar həmçinin dəridə izlər buraxa bilər. Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir.

Meymunçiçəyi virusu ona yoluxan şəxslə yaxın təmasda olanlara ötürülür. Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, göz, burun və ya ağız vasitəsilə yol tapa bilər. Virus cinsi yolla yayılan infeksiya kimi təsvir edilməyib, lakin o, cinsi əlaqə zamanı birbaşa təmas vaxtı ötürülə bilər. O, həmçinin meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar, yataq dəsti və paltar kimi əşyalar vasitəsilə də yayıla bilər.

Nə qədər təhlükəlidir?
Əksər hadisələr mülayim formada olur, bəzən su çiçəyi xəstəliyinə bənzəyir və bir neçə həftə ərzində öz-özünə yox olur. Meymunçiçəyi bəzən daha kəskin keçə bilər və onun Qərbi Afrikada ölümlərə səbəb olduğu qeyd edilir.

Meymunçiçəyinin müalicəsi yoxdur, lakin infeksiyanın qarşısının alınması ilə onun yayılmasına nəzarət etmək olar. Bu infeksiyaya qarşı təbii çiçək peyvəndinin 85 faiz təsirli olduğu təsdiqlənib.
Meymunçiçəyinə yoluxmuş ilk pasiyentin 50-dək təmaslarından yalnız birinin yoluxması infeksiyanın nə qədər zəif yoluxdurucu olduğunu göstərir.

Teqlər